۱۰ مرداد ۱۳۸۹ ده گؤنده ریلیب
بؤلوم |     یازار : ayqar   
Nə Rusiya, nə İran, nə Çin, nə də Qərb Türk Birliyini istəmir

 
 
Türk dünyasının birliyi istiqamətində çox ciddi addımlar atılmaqdadır. Ötən il Bakıda Türk Dövlət və topluluqlarının qurultayı keçirildi və ortaq dil, əlifba, televiziya barədə razılaşmalar oldu. Bu il mart ayında Türkiyənin paytaxtı Ankara şəhərində Novruz şöləni təşkil edildi və bütün türk dövlətləri öz təmsilçiləri ilə bu tədbirə qatıldı. Bu tədbirlərin fonunda Türkdilli Dövlətlərin Parlament Assambleyasını təsis etmək təklifi çox böyük rezonans doğurdu.

Bu ideyanın gerçəkləşəcəyi təqdirdə ilk dəfə türk dövlətləri sözdə işbirliyindən işdə işbirliyinə qədəm qoyacaq. Əbülfəz Elçibəy hakimiyyəti dövründən vüsət alan, Heydər Əliyev dönəmində yüksələn türk birliyinə doğru yönələn xətt nəhayət mədəni, maarif, ədəbiyyat kimi humanitar sahələrdən kənara çıxaraq artıq sırf dövlətçilik, idarəetmə, parlamentarizim istiqamətinə yön alacaq. Doğurdan da bu fakt sevindirici və əlamətdardır. Elə ona görə də gedən proses bir çox dövlətləri narahat edib. Ona görə ki, regionda günü-gündən zəifləyən Rusiya Türk Birliyi bu və ya digər formada yaranarsa, daha da gücdən düşəcək. Bundan əlavə sözügedən federasiyada onlarla türk xalqları və muxtar strukturlar formasında olsa da, dövlətlər var. Yaxın gələcəkdə Rusiyanın tənəzzülündən istifadə edib, Türk dünyasının tərəqqisindən ürəklənib Saxa, Tatarıstan, Çuvaşıstan və digər böyük ərazilərə və iqtisadiyyata malik türk muxtar dövlətlərinin Türk Birliyinə qoşulacağı ehtimalı Rusiyanın imperialist dairələrini qorxudur. Əvvəllər bu dövlətlər müşahidəçi statusunda iştirak etsələr də, sonradan tam hüquqlu üzv ola bilərlər ki, bu da rus imperiyasının süqutu deməkdir. Başqa variant da ola bilər. Dağıdılmaqdan çəkinən Rusiya özü türk Birliyinə qoşulmaq təşəbbüsü edə bilər və bu variantın sonu da rus imperiyasının gələcəyi üçün uğurlu heç nə vəd etmir.

Qərb də narahatdır. Əvvəllər türk dövlətlərinin yaxınlaşmasına o qədər də ehtiyatlı yanaşmağı lazım bilməyən bu dairələr Türkiyənin və inkişaf etməkdə olan Azərbaycanın yaxın gələcəkdə regionda söz sahibi olmaq uğrunda Qərbə maneələr yarada biləcəklərindən ehtiyatlanmağa başlayıb. Nəzərə alsaq ki, İran adlanan imperiyanın da gec-tez çöküşü qaçılmazdır və o zaman türk amilinin regionda aparıcı olacağına şəkk-şübhə qalmır. Və bir də sadə məntiq var ki, istənilən böyük birlik digər hegemon birliyə problem yarada bilər.

Rusiya və qərb türk milllətinə münasibətdə həmişə eyni mövqedən çıxış edib. Bu arada hörmətli oxucularımız üçün bir haşiyə çıxıram: polis idarəsində həmişə bir qəddar və bir xeyirxah polis olması şərtdir və bəzən onların yerləri də dəyişdirilir. Həqiqətən də Rusiya və Qərb türk milləti üçün məhz xeyirxah və qəddar polis nümunələri olub.

Bu günlərdə məlum oldu ki, Türkmənistan və Özbəkistan Respublikaları Türkdilli Dövlətlərin Parlament Assambleyasında iştirak etməyəcək. Özbəkistanın antidemokratik rejimi Rusiyanın, Türkmənistanın yeni qərbyönümlü türkmənbaşısı isə Qərbin təsisi ilə bu addımı atıb. Milliyyətcə türk olmayan Kərimovdan bəlkə də bunu gözləmək olardı, amma təmiz qanlı yeni türkmən prezidentinin bu addımı hamını təəsüfləndirdi. Görünür Türk birliyinə doğru gedən yol da o qədər də hamar olmayacaq. Amma Assambleyanı müdafiə edənlərdən birinin təbirincə desək, heç bir türk dövlətinin kənarda qalması mümkün deyil. Çünki, gec-tez hamı başa düşəcək ki, güc və inkişafın təməli birlikdir. Türk Birliyinə eşq olsun! Bildiyimiz odur ki, nə Rusiya, nə İran, nə Çin, nə də Qərb Türk Birliyini istəmir. Tanrı Türkü qorusun!